Bakıda “Xəzər günü”nə həsr olunan tədbir keçirilir
12 avqustda Dənizkənarı Milli Parkda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Xəzər günü”nə həsr olunan tədbir keçirilir.
Oxu.Az xəbər verir ki, tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov bu günün mahiyyətindən söz açıb:
“2006-cı ilin bu günü BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə Xəzər dənizinin ətraf mühitinin mühafizəsinin beynəlxalq səviyyədə tanınması üçün beş Xəzəryanı dövlət arasında “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” imzalanıb. Bununla da 12 avqust “Xəzər günü” kimi beynəlxalq səviyyədə, xüsusilə Xəzəryanı dövlətlərdə qeyd olunmağa başlanılıb”.
F.Mütəllimov qeyd edib ki, Xəzər dənizi nəinki Azərbaycan üçün, ümumi olaraq regionun ekosistemində önəmli yer tutur və Xəzər günü elan edilməklə ictimaiyyətin diqqətini bir daha Xəzər dənizinə, onun qorunmasına və orada olan fauna, floranın mühafizəsinə yönəltməkdir:
“Şübhəsiz, Xəzər gününün qeyd edilməsində əsas məqsəd dənizin ətraf mühitinin çirklənmədən qorunmasından, bioloji ehtiyatların mühafizəsindən, bərpası, davamlı və səmərəli istifadəsindən, həmçinin, bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir.
Hər il ölkəmizdə ETSN-nin əməkdaşlarının, ictimai təşkilatların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə maarifləndirici tədbirlər, o cümlədən Xəzər sahillərində təmizlik və abadlıq işləri həyata keçirilir.”
F.Mütəllimov vurğulayıb ki, son illərdə iqlim dəyişikliyi ilə əlaqədar Xəzər dənizində suyun səviyyəsində dəyişiklik müşahidələr edilir:
“İnsanların da dənizə qarşı münasibəti unikal olmalıdır. Ona görə də şimaldan cənuba doğru nazirlik olaraq təmizlik aksiyaları keçiririk. Təəssüf ki, yenə də əhalinin sanitar qaydalara riayət etməməsini görürük. Bu gün burada keçirdiyimiz tədbirin məqsədi təbiətə münasibətin dəyişməsi, Xəzərin çirkləndirilməsinin qarşısının alınması üçün maarifləndirmə işlərinin aparılmasıdır”.
O həmçinin məlumat verib ki, dənizin Ekoloji vəziyyəti, Xəzərdə fəaliyyət göstərən platformaların təsiri və biomüxtəlifliyin öyrənilməsi ilə bağlı müxtəlif vaxtlarda ekspedisiyalar aparılır.
Xatırladaq ki, Dənizkənarı Milli Parkda “12 avqust-Xəzər günü”nə həsr olunmuş tədbir keçirilir. Tədbirdə milli parklar barədə məlumatlandırıcı guşələr yerləşdirilib, həmçinin ETSN tərəfindən keçirilən təmizlik aksiyaları ilə bağlı maarifləndirici videoçarxlar müşahidə olunur.
Məhərrəm Əliyev