İranın ali rəhbəri fətvasını dəyişəcəkmi?
“İranın İsrailə oktyabrın 1-də raket hücumuna Təl-Əvivin mümkün cavabı ilə bağlı iki ölkə arasında gərginliyin daha da artdığı bir şəraitdə İran Parlamentinin deputatları da prosesə müdaxilə etmək qərarına gəliblər. Bir neçə gün öncə parlamentin plenar iclasında məlum olub ki, məclisin 39 üzvü nüvə silahının istehsalı ilə bağlı ölkənin müdafiə doktrinasına dəyişiklik etmək barədə Ali Milli Təhlükəsizlik Şurasına məktub ünvanlayıb. Həmin doktrinanın əsasını İranın Ali Rəhbəri Əli Xameneinin nüvə silahından istifadənin digər kütləvi qırğın silahları, o cümlədən kimyəvi və bioloji silahlar kimi haram olmasına dair fətvası təşkil edir və deputatlar faktiki olaraq həmin fətvanın dəyişdirilməsini tələb edirlər”.
Bu barədə “Azad İran” “YouTube” kanalında yayımlanan yeni süjetdə qeyd olunub.
Bildirilib ki, deputatların məktubu Ali Milli Təhlükəsizlik Şurasına göndərilsə də, əslində ölkənin ali rəhbərinə ünvanlanıb.
“Həmin məsələ ilə əlaqədar parlamentin iclasında çıxış edən deputat Həsənəli Əxlaqi Əmiri bu istəyi hazırda İran-İsrail münasibətlərində yaranmış vəziyyətlə əsaslandıraraq deyib: “Bu gün artıq beynəlxalq təşkilatlar, hətta Avropa və Amerikanın iddialı dövlətləri sionist rejimə (yəni İsrailə) nəzarət edə bilmirlər, bu qondarma rejim isə hər cür cinayətə əl atır. Buna görə də biz, məclisin 39 deputatı Ali Milli Təhlükəsizlik Şurasına məktub yazıb imzaladıq və həmin məktubda şuradan xahiş etdik ki, İran İslam Respublikasının müdafiə doktrinasına yenidən baxılsın”.
Məsələnin ilk növbədə İran ali rəhbərinin nüvə silahının istehsalına qadağa qoyan fətvası ilə əlaqədar olduğunu bildirən deputat əlavə edib: “Bu gün biz artıq təkcə özümüzə baxmamalıyıq, həm də Müqavimət Cəbhəsi ilə bağlı iddialarımıza əsasən onların arxasında dayanmalıyıq. Bu cəbhə gözünü İran İslam Respublikasına dikib”.
Başqa sözlə, parlamentə Məşhəddən seçilmiş deputat sözügedən dəyişikliyin həm də İranın regiondakı proksi qüvvələrinin gözləntiləri baxımından zəruri olduğunu vurğulayıb”.
Ətraflı yeni videosüjetdə:
İranın ali rəhbəri fətvasını dəyişəcəkmi?