Ermənistan Qərbin Rusiyadakı “Troya atı” rolunu oynayır
Hər bir ölkənin xarici siyasət kursu digər dövlətlərin davranışına təsir göstərmək və ya öz davranışını beynəlxalq mühitə uyğunlaşdırmaq üçün dövlətin həyata keçirdiyi fəaliyyətlər sistemidir. Bu gün bir sıra ölkələr qloballaşan dünyada xarici siyasət kursunu elə seçir ki, ümumilikdə dövlətin maraqları təmin olunsun, qonşuluq münasibətləri daim xoş və qarşılıqlı fayda əsasında qurulsun. Amma bütün planetə hakim olan bu tendensiya nədənsə Ermənistanda həyata keçirilmir. Bu ölkədə həyata keçirilən xarici siyasət kursu nəinki dövlətin maraqlarını qoruyur, hətta qonşularla pis münasibətə, az qala Marsa da torpaq iddiasına qədər gedib çıxır.
Bu gün erməni dövlətini təmsil edən Nikol Paşinyanın da xarici siyasət kursu sırf öz hakimiyyətini saxlamağa yönəlmiş tədbirlər zəncirindən başqa bir şey deyil. Bir gün rusiyapərəst olan baş nazir sabah asanlıqla qərbyönlü, günortadan sonra isə iranpərəst ola bilər. Amma son iki ildə baş verən hadisələr bir daha sübut edir ki, Ermənistanın xarici siyasət kursu İrəvandan yox, birbaşa Qərbin siyasi dairələrindən idarə edilir. Planlar, proqramlar burada hazırlanır, sonra isə Nikol Paşinyan vasitəsilə həyata keçirilir. Elə bu səbəbdən də erməni baş nazirin Qərbə səfərlərinə diqqət yetirmək lazımdır. Çünki hər səfərdən sonra Moskva ilə münasibətlərə yeni bir “naxış” vurulur.
Gah KTMT boykot edilir, Paşinyan Putinin rəhbərlik etdiyi tədbirlərdə iştirakdan boyun qaçırır, rusiyalı sərhədçiləri ölkədən çıxarır, bütün problemlərdə Kremli günahlandırır. Keçmiş redaktor bunu xarici siyasətin şaxələndirilməsi kimi təqdim etməyə çalışsa da, əslində erməni siyasi elitası Qərbin anti-Rusiya göstəriş və tapşırıqlarını yerinə yetirir. Məlum olduğu kimi, MDB Xarici İşlər Nazirləri Şurasının Moskvada keçirilən sessiyası çərçivəsində Ermənistan Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri və beynəlxalq münasibətlərdə birtərəfli tədbirlərdən istifadənin yolverilməzliyi ilə bağlı bəyanatlara qoşulmayıb. Əslində bu, erməni siyasi elitasının Moskvaya Ermənistan-Rusiya münasibətlərində çoxsaylı problemlərin olduğuna dair mesajı kimi təqdim edilsə də, medalın digər üzü də var. Yəni Paşinyan Qərbə göstərir ki, “mən Kremlə diş qıcayıram, Avrasiyaya inteqrasiya proseslərini boykot edəcəyəm”.
Avrasiya inteqrasiyası və onun çərçivəsində enerji-nəqliyyat, investisiya və humanitar bir çox proqramların həyata keçirilməsi əslində rəsmi Moskvanın xarici siyasət prioritetlərindən biridir. Əgər İrəvanın bu məsələdə boykot qərarı aldığını düşünsək, əminliklə demək olar ki, faktiki olaraq Ermənistan Qərbin “Troya atı” rolunu oynayır. Əslində nə baş verir? Qərb Rusiyaya qarşı birtərəfli sanksiyalar tətbiq edir və yuxarıda sözügedən sənədin qəbulu Moskva üçün Avrasiya İqtisadi İttifaqının (Aİİ) Qərbə kollektiv cavabı sayıla bilərdi və bu, çox vacib idi. Amma Ermənistanın bu sənədə qoşulmaması həm Qərbin “Troya atı” olduğunu, həm də körpüləri yandırmamaq üçün atılan addımı kimi qiymətləndirilməlidir. Aİİ Qərbin maraqlarına uyğun deyil. Çünki Vaşinqton və Brüssel Rusiyanın yenidən güclənməsi, enerji və logistika sahələrində meqalayihələrə imza atmasını heç bir vəchlə istəmir və qəbul etmir.
Ermənistanın baş naziri Nikol Paşinyanın Moskva səfəri də onun anti-Rusiya addımlarından geri çəkilməyəcəyinə işarə edir. Hər nə qədər Rusiya prezidenti iki ölkə arasında ticari əlaqələrdən, müxtəlif layihələrdən danışsa da, erməni siyasətçi çıxışında açıq mətnlə bildirib ki, Zəngəzur dəhlizinə nəzarəti üçüncü bir ölkəyə vermək niyyətində deyil. Yəni buna həvəslənən ruslar bu məsələdən ümidlərini üzsünlər. Eyni zamanda, İran və Türkiyə sərhədindən rusiyalı sərhədçilərin çıxarılması da Qərbə “mən əliboş qayıtmıram” mesajıdır. Putinin isə iqtisadiyyatdan danışması, rəqəmlər səsləndirməsi Ermənistanın iqtisadi cəhətdən Rusiya iqtisadiyyatı ilə nə dərəcədə bağlı olduğunun və Paşinyan Qərbin sifarişi ilə o münasibətləri pozarsa, nələrin baş verə biləcəyinin göstəricisidir.
Əslində cari ilin may ayında da Putin-Paşinyan danışıqlarından sonra rusiyalı sərhədçilər İrəvandakı “Zvartnots” hava limanından çıxarılmışdılar.
Eyni zamanda, nəzərə almaq lazımdır ki, Rusiya prezidentinin xarici işlər üzrə köməkçisi Yuri Uşakov 8 oktyabr tarixində üçtərəfli görüş təşkil etmək niyyətində olduğunu, tərəflərdən birinin bu fikri dəstəkləmədiyini bildirib. Təbii ki, rusiyalı rəsmi birbaşa Paşinyanın adını çəkməsə də, ona eyham vurub. Elə bu məsələ də bir daha sübut edir ki, erməni baş nazir Qərbin siyasi dairələrinin mərkəzləri qarşısında götürdüyü öhdəliklərə sadiqdir. Eyni zamanda, danışıqlarda Rusiya platformasını rədd edir və addım-addım Moskvadan uzaqlaşır. Erməni tərəfi bu görüşdə də eyni siyasəti davam etdirir. Bu isə qəti əminliklə söyləməyə imkan verir ki, bu, Qərb siyasi dairələrinin sifarişidir və nəyin bahasına olursa olsun, Moskva ilə erməni dövləti arasındakı əlaqələr qopmalıdır.
Təbii ki, rəsmi Moskva anlayır ki, baş verənlər müttəfiqlik münasibətlərinin sonu ilə nəticələnə bilər və bu, Paşinyanın son nazı və kaprizi deyil. Növbəti görüşlərdə belə hallar davam edə bilər. Ümumilikdə bütün rus sərhədçilərinin geri çəkilməsi, 102-ci bazanın çıxarılması məsələsi də qaldırıla bilər. Rus sərhədçilərinin İran və Türkiyə ilə sərhəddəki postlardan geri çəkilməsi Paşinyanın təqdim etdiyi kimi, suverenlik məsələsi yox, digər ölkələrin sifarişlərini canı-cəhdlə yerinə yetirməkdir. Bununla da erməni siyasi elitası Qərbə göstərir ki, təhlükəsizlik sahəsində Kremllə əməkdaşlıq etmək niyyətində deyil.
Rəsmi Moskva isə media vasitəsilə Paşinyanın MDB Dövlət Başçıları Şurasının iclasından son dərəcə uğursuz kadrlarını yayıb. Məsələn, kadrlarda hər kəsin söhbət etdiyi, erməni siyasətçinin isə qəhvə içdiyi görünür, Azərbaycan bayrağı qarşısında əyilməsi və s. kadrlar əslində Rusiyanın Paşinyana olan “hörməti”nin təzahürüdür. Bu kadrların Rusiyanın “RIA Novosti” kanalında yayımlanması da sübut edir ki, görüntülər təsadüfən lentə alınmayıb. Moskva üçün bu məsələ Ermənistanın baş nazirinin və ya onunla bağlı medianın necə reaksiya verəcəyidir. Eyni zamanda Rusiya Xarici İşlər Nazirliyinin son iki brifinqdə çıxış edərək, Ermənistanla bağlı danışarkən tonun necə dəyişdiyini nəzərə alsaq, bu o deməkdir ki, Rusiya tərəfinin müəyyən gözləntiləri olub və bəzi məsələlər həll oluna bilərdi.
Qısacası, Rusiya-Ermənistan münasibətləri ilə bağlı 23-24 oktyabr tarixlərində Kazan şəhərində keçiriləcək BRİKS sammiti həlledici görüşlərdən biri ola bilər. Bu görüşdə həm Rusiyanın, həm də Ermənistanın alacağı qərarlar, əldə ediləcək razılaşmalar sözün əsl mənasında rəsmi İrəvanın taleyini həll edə bilər.
“Report” İnformasiya Agentliyi