PKK-silahı yerə qoymağa başladı Türkiyə üçün tarixi günlər
Bu gün Türkiyə tarixində önəmli bir dönüş nöqtəsi yaşanır. PKK illərlə davam edən qanlı mübarizədən sonra rəsmi şəkildə silahı yerə qoyur. Bir neçə ay davam edən dialoqların nəticəsi olaraq qəbul edilən bu qərar yalnız Türkiyə üçün deyil, bütövlükdə region və türk dünyası üçün mühüm geosiyasi və təhlükəsizlik perspektivləri açır. Ona görə də bu gün bütün diqqətlər Şimali İraqda bir qrup PKK-çının silahlarını təhvil verəcəyi məqama yönəlib. 20-30 nəfərlik PKK-çı qrup silahları təhvil verəcək və gəldikləri bölgəni silahsız tərk edəcəklər. Onlarla birlikdə PKK və Kürdüstan İcmalar İttifaqı rəhbərliyindəki şəxslər də qruplaşma ilə silahı yerə qoyacaqlar. Aralarında Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) üzvlərinin də olduğu bir qrup siyasətçi və ictimai fəal PKK-nın Süleymaniyyə şəhərində planlaşdırılan tərk-silah prosesini izləmək üçün İraqa yollanıblar. Qeyd edək ki, iki gün əvvəl PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan növbəti dəfə tərəfdarlarına “silahı yerə qoyun” çağırışı edib.
İmralıdan videobağlantı ilə müraciət
İmralıdan videobağlantı vasitəsilə PKK üzvlərinə müraciət edən Öcalan onları dərhal tərksilah prosesinə başlamağa çağırıb.
“Siyasətin gücünə inanıram” – Öcalanın mesajı
“Mən silahın gücünə deyil, siyasətin gücünə inanıram. Sizi bu prinsipə əməl etməyə çağırıram”, – PKK lideri açıqlamasında deyib.Tərk-silah prosesi: Beynəlxalq hüquq və təcrübə nümunəsi
PKK-nın silahı yerə qoyması yalnız siyasi razılaşma ilə deyil, eyni zamanda hüquqi və texniki mexanizmlərlə müşayiət olunur. Təşkilatın üzvlərinin tərk-silahı, reinteqrasiya proqramları və hüquqi məsuliyyət məsələlərinin necə həll olunacağı bu prosesin uğur qazanmasında həlledici olacaq. Əgər bu model uğurla tətbiq olunarsa, PKK-nın tərk-silahı qlobal terrorla mübarizə tarixində bir dönüş nöqtəsinə çevrilə və presedent yarada bilər. Bu baxımdan, prosesin gələcək mərhələsində ən çox müzakirə ediləcək məsələlərdən biri PKK-nın qurucu lideri Abdullah Öcalanın taleyidir. Təşkilatın lideri Öcalan uzun illərdir İmralı adasında məhbusdur və təşkilat üçün əsas fiqur olaraq qalır. Tərk-silah müqabilində Öcalana hansı hüquqi güzəştlərin ediləcəyi hələ də açıqlanmasa da, bu məsələ cəmiyyətin geniş təbəqələrində ziddiyyətli reaksiyalarla müşayiət olunur.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.