Ən potensiallı azərbaycanlı futbolçu
Azərbaycan böyük futbol ölkəsi deyil və beynəlxalq arenada da bu idman növündə ciddi nəticələrimiz çox azdır. Qocaman yerli azarkeşlər Ələkbər Məmmədovun ötən əsrin ortalarında Moskva “Dinamo”sunun heyətində “San Siro”da “Milan”a vurduğu dörd qolu, Anatoli Banişevskinin SSRİ milli komandasında dünya üçüncüsü olmasını xatırlaya bilərlər. Nisbətən sonrakı nəsil İqor Ponomaryovun Olimpiya çempionu olmasına, Nazim Süleymanovun “Alaniya”da Rusiyanın ən güclüsü adını qazanmasına, Vəli Qasımovun “Betis”, “Albasete” kimi komandalarda uğurlu çıxışına şahidlik ediblər. Müasir dövrdə isə belə nümunələr yox dərəcəsindədir. Yalnız “Qarabağ”ın avrokuboklarda göstərdiyi nəticələri istisna etmək olar. Düzdür, son illərdə ölkə xaricində forma geyinən azərbaycanlı futbolçuların sayı artan xətt üzrə gedirdi. Ancaq onların bir çoxu artıq geri qayıdıblar. Araz Abdullayev, Kamran Ağayev, Ramil Şeydayev, Musa Qurbanlı kimi adlar son illərdə böyük ümid bəslənməsinə baxmayaraq, xaricdə uğurlu ola bilmədilər və tezliklə geri qayıtdılar.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Xarakter göstərən Mahir
Müasir Azərbaycan futbolunda legioner həyatı digər oyunçulardan fərqlənən bir ad var. Söhbət son illərin ən perspektivli oyunçusu hesab edilən Mahir Emrelidən gedir. Düzdür, Anton Krivotsyuk, Cəlal Hüseynov kimi futbolçularımız da ölkə xaricində “duruş gətirməyi” bacarırlar. Lakin Emrelinin çıxış etdiyi liqaların və klubların səviyyəsi onu fərqləndirmək üçün əsas verir. Yeganə belə nümunə olduğu üçün futbolsevərlərin ona diqqəti də, üzərindəki təzyiq də daha çoxdur.
“Bakı” klubunun yetirməsi olan Mahir uzun illər “Qarabağ”da uğurlu performansı ilə diqqət çəkdi və 2021-ci ildə Polşa “Legiya”sına transfer olundu. O, artıq üç ildən artıqdır Avropa klublarında forma geyinir, çətinliklərlə üzləşməsinə baxmayaraq geri qayıtmamaqla xarakter göstərir. Əslində, Emrelinin “Legiya” karyerası çox uğurlu başlamışdı. O, həm çempionatda, həm də avrokuboklarda qollarını sıralayırdı. Lakin azarkeşlərlə yaşadığı bəxtsiz münaqişə irəli xətt oyunçusunun Varşava klubunu tərk etməsi ilə nəticələndi. Uzun hüquqi çəkişmələrdən sonra o, Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna keçdi. Futbolçu burada zaman-zaman şans qazansa, hətta qollar vursa da, gənc və perspektivli yerli oyunçularla rəqabəti uduzaraq, əvvəlcə Türkiyə “Konyaspor”una icarəyə verildi. Geri qayıtdıqdan sonra da onun üçün çox şey dəyişmədi. Yenə daha çox ehtiyatda qalan 27 yaşlı oyunçunun Azərbaycana, keçmiş klubu “Qarabağ”a qayıda biləcəyi gözlənilirdi. Ancaq o, geri addım atmadı, şansını bir daha yoxlamaq üçün bu dəfə daha qərbə üz tutdu.
“Nürnberq”də əla performans
Hələ “Legiya”da çıxış edərkən Mahir Emrelinin növbəti dayanacağının Almaniya olacağı gözlənilirdi. Gec də olsa, o, bu ölkəyə üz tutdu. Hücumçu ötən yay keçdiyi II Bundesliqa klubu “Nürnberq”də əla performans sərgiləyir. O, altı çempionat matçında üç qolla yadda qalıb. Kubokda isə Bundesliqa təmsilçisi “Hoffenhaym”la qarşılaşmada fərqlənməsi ilə diqqət çəkib. Yerli media qol imkanlarından maksimum yararlanmadığına görə bəzən forvardı tənqid edir, lakin onun statistikası heç də pis deyil. Mövsümün əvvəli olduğunu və Mahirin komandaya yeni qoşulduğunu nəzərə alsaq, yaxın gələcəkdə performansını daha da yüksəldəcəyini gözləmək olar. Əlbəttə, bu tempdə davam edərsə.
İndiki məqamda forvard Nürnberq təmsilçisinin əsas heyət üzvüdür. II Bundesliqada ilk oyunları zədə səbəbindən buraxan Mahir altıncı turdan etibarən bir qayda olaraq start heyətdə yer alır. Ən əsası, komandanın baş məşqçisi Miroslav Kloze ona etibar edir. Ötənlərin məşhur hücumçusu son açıqlamalarının birində Mahirin topla və topsuz necə hərəkətli olduğundan və bunun komandaya müsbət təsirindən bəhs edib. Emrelinin əsas üstünlüyü hücum xəttinin bütün zonalarında oynamaq bacarığıdır. Kloze isə üç hücumçulu sistemdən istifadə edir ki, bu da futbolçumuzun həm oynamaq, həm də özünü göstərmək şanslarını artırır. II Bundesliqa kifayət qədər nüfuzlu yarışdır. “Nürnberq” kimi köklü klubda oynamaq, Kloze kimi adın rəğbətini qazanmaq asan deyil. Mahirin Bundesliqaya yolu da mümkünsüz görünmür. “Nürnberq” hazırda ilk “üçlük”dən cəmi üç xal geri qalır.
Mahirdən milli gözləntilər
Emreli həm karyera yoluna, həm oyunçu keyfiyyətlərinə görə hazırkı yığma komandada, bəlkə də, gözləntinin ən çox olduğu futbolçudur. Bu da əslində təbiidir. Son illərdə heç bir oyunçumuz onun qədər tanınmış klublarda çıxış etməyib. Mahirin artıq 27 yaşı var və o, indi millinin əsas lideri olmalı, komandanı arxasınca aparmalı idi. Bəzi qarşılaşmalarda, həqiqətən, yığmaya faydası dəysə də, hələlik özünü lider kimi təsdiqlədiyini söyləmək mümkün deyil. Əksinə, yığma karyerası gözləntilərin çox altındadır. Uğurlu legioner həyatı, xüsusən son zamanlar “Nürnberq”dəki performansı ilə Mahir azarkeşlərin rəğbətini qazanıb. İndi o, stabilliyi qorumalı, son illərin ən potensiallı azərbaycanlı futbolçusu kimi bacarığını tam ortaya qoymalı, ölkəmizi xaricdə layiqli şəkildə təmsil etdiyi kimi milli komandada da bir lider kimi çəkisini ortaya qoymalıdır. Beləliklə, Mahir Emreli gənc nəsil üçün də yaxşı nümunə ola, futbolumuzda yeni cığır aça bilər. Buna çox ehtiyac var.