AVRO-2024-də tarix yazan ispaniyalı gənc ulduzun fərdi ustalığı nədədir?
Fransa ilə görüşdə fərqlənərək Avropa çempionatları tarixinin ən gənc qol vuran futbolçusu adına yiyələnən Lamin Yamal dünya mediasında gündəmə çevrilib.
Oxu.Az xəbər verir ki, Lamin Yamal qrup mərhələsində Xorvatiya ilə görüşdə meydana çıxanda artıq Avropa çempionatlarında iştirak etmiş ən gənc futbolçu adına yiyələnmişdi (16 yaş 338 gün). Ötən gecə Fransa ilə görüşdə də fərqlənən Lamin Yamal artıq Avropa çempionatlarında ikinci dəfə adını tarixə yazdırmağı bacardı. Belə ki, ulduza çevrilmiş futbolçu 16 yaş 362 günlüyündə fərqlənərək keçmiş isveçrəli futbolçu Yohan Fonlanteni (18 yaş 141 gün) geridə qoyub.
Maraqlıdır ki, isveçrəli keçmiş futbolçu da bu rekordu Fransa millisinə qarşı vurduğu qolla qırmışdı. Həmin hadisə isə 2004-cü ilin Avropa çempionatında baş vermişdi.
Bundan əlavə, Lamin Yamal, eyni zamanda, milli komandanın heyəti ilə finala vəsiqə qazanan ən gənc futbolçu adını da ələ keçirib. O, portuqaliyalı yarımmüdafiəçi Renato Sançesi qabaqlayıb (18 yaş 328 gün). İndi Lamin Yamalın qarşısında yalnız iki hədəfi qalır. O da, final mərhələsində qol vurmaq və Avropa çempionatının qalibi olmaqdır.
Belə ki, Avropa çempionatları tarixində finalda qol vuran və çempion olan ən gənc futbolçu adına 1968-ci ildə Yuqoslaviya ilə görüşdə fərqlənən italiyalı Pietro Anastasi yiyələnmişdi. O, buna 20 yaş 64 günlüyündə nail olmuşdu. Lamin Yamal isə həmin rekordları qırmağın sadəcə bir addımlığındadır.
“Barselona” akademiyası yetirmələrinin əsas komandaya keçməsinə öyrəşib. Bunlardan biri də Lamin Yamaldır. O, La Liqada cəmi 15 yaşında, 2023-cü ilin aprelində “kataloniyalılar”ın forması ilə debüt edib. Onun o vaxt cəmi 18 yaşı olan Qavinin əvəzinə meydana çıxması klubun gənclərə inamının nümunəsi idi. Bundan sonra Yamala Xavinin rəhbərliyi altında əsas komandada özünü göstərmək üçün əlavə imkanlar verildi.
2023-cü ilin iyulunda 16 yaşı tamam olan Yamal haqqında danışan Xavi: “Mənim gözləntilərim çox böyükdür. O, qeyri-adidir və ümid edirəm ki, uzun illər “Barselona”da olacaq”, – demişdi. Lamin Yamal isə hazırda Xavinin dediklərini təsdiqləyir. Hansı ki, artıq Avropa çempionatlarının tarixinə adını artıq ikinci dəfə qızıl hərflərlə yazdırmağı bacarıb.
Lamin Yamalın bu istedadı təkcə Xavi və “Barselona” rəhbərliyi tərəfindən görülməyib. Yamal 2023-cü ilin sentyabrında 16 yaş 57 günlük olmaqla İspaniya milli komandasının ən gənc debütantı oldu. O, Avro-2024-ün seçmə mərhələsində Gürcüstanı 7:1 hesabı ilə məğlub etdikləri oyunda, hətta qol belə vurmağı bacarmışdı.
Yamalın texniki bacarığı, topa nəzarəti və cəsarəti digər futbolçulardan fərqlənməsinə kömək edir. Bu xüsusiyyətlər onu müxtəlif hücum vəziyyətlərində bir ovçu halına çevirir.
16 yaşlı ulduz futbolçunun fərdi ustalıqlarından biri isə bizə Lionel Messini xatırladır. O, topla sağ cinahdan içəri girməyi, bəyəndiyi sol ayağına keçməyi xoşlayır. Tez-tez topu qəbul edərək və düzgün çıxış yolları yaradaraq “Barselona”nın hücumunun əsas elementinə çevrilir.
Onun yaşında, taktiki şüuru inkişaf etdirmək elə də asan olmasa da, Yamal üçün bu, sanki problem yaratmır. O, hücumda taktiki dəyişikliklərə uyğunlaşmaq bacarığında olduğunu göstərərək digər futbolçulardan fərqlənməyi bacarır. Doqquz nömrəli rolda başgicəlləndirici driblinqləri onun gənclik səviyyəsində seçilməsinə kömək etdi.
Amma peşəkar futbol fərqli məsələdir. Mərkəz hücumçusu olmaq üçün fiziki tələblərə cavab verək lazımdır. Bu da o deməkdir ki, Yamal fiziki cəhətdən özünü inkişaf etdirməlidir. Hələlik onun mövqeyi daha çox fiziki duellərə daha az məruz qaldığı cinahlara uyğundur.
Anar Həsənov