Aİ Gürcüstanın cəzalandırdı: İnteqrasiya prosesi dayandırıldı
Avropa İttifaqı (Aİ) rəhbərliyi Gürcüstanın təşkilata inteqrasiya prosesini dayandırmaq qərarına gəlib.
Bu barədə Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski Tbilisidə keçirilən beynəlxalq konfransda çıxışı zamanı məlumat verib.
“Təəssüf ki, Aİ liderləri Gürcüstanın Avropa İttifaqına üzvlük prosesini dayandırmaq barədə razılığa gəliblər. Bu, Avropa Şurasının hesabatlarında aydın şəkildə qeyd olunub”, – deyə diplomat bildirib.
Onun sözlərinə görə, Aİ ölkələrinin liderləri Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün nəzərdə tutulmuş 30 milyon avronun dondurulması barədə də qərar qəbul ediblər.
“Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıqdan danışarkən, təəssüf ki, sizə bildirməliyəm ki, Aİ liderləri, həmçinin Avropa Sülh Fondu çərçivəsində Gürcüstan Müdafiə Qüvvələrinə dəstək üçün ayrılmış vəsaitləri dondurmaq qərarına gəliblər. Bu ana qədər Müdafiə Nazirliyinə köçürməyi planlaşdırdığımız 30 milyon avro dondurulub”, – deyə səfir vurğulayıb.
Mənbə: TASS