98 yaşlı veteran: “Atam müharibədən yaralı halda qayıtdı, mən getdim” – MÜSAHİBƏ + FOTO
98 yaşlı veteran: “Atam müharibədən yaralı halda qayıtdı, mən getdim” – MÜSAHİBƏ + FOTO
Bu gün faşizm üzərində qələbədən 79 il ötür. 1945-ci il mayın 8-dən 9-a keçən gecə alman feldmarşalı Vilhelm Keytel qeyd-şərtsiz təslim aktını imzalayıb, bununla da İkinci Dünya müharibəsində faşizm üzərində qələbə qazanılıb.
İkinci Dünya müharibəsində faşizmə qarşı 600 mindən çox azərbaycanlı döyüşüb, onlardan 300 mini qələbə uğrunda canından keçib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçib.
İkinci Dünya müharibəsinin veteranları xalqımızın fəxrləridir. Onların müharibə illərində göstərdikləri qəhrəmanlıq bu gün bütün cəmiyyət tərəfindən böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur.
Oxu.Az-ın əməkdaşı bu gün münasibətilə İkinci Dünya müharibəsinin 98 yaşlı veteranı Əzim İbrahimov ilə həmsöhbət olub. O, keçdiyi döyüş yollarından bəhs edib.
Müsahibəni təqdim edirik:
– Əzim bəy, müsahibəni qəbul etdiyiniz üçün təşəkkür edirik. Necəsiniz? Hər şey qaydasındadır?
– Yaxşılıqdır. Hər şey qaydasındadır. Yavaş-yavaş yaşayırıq, bala. Gün sayırıq.
– Özünüz haqqında məlumat verməyinizi istərdim.
– Qızım, mən 1926-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalının Ardanış kəndində anadan olmuşam. Orta məktəbi yaşadığım kənddə bitirmişəm. Daha sonra könüllü təlimlərə qatıldım.
– Müharibəyə nə zaman qatıldınız?
– 1944-ci il idi. Bizi böyük heyətlə Qori şəhərinə apardılar. Üç ay Qori şəhərində təlim keçdik. Daha sonra snayper məktəbinə yolladılar. Snayper məktəbini bitirdikdən sonra müharibəyə yollandıq. Ard-arda Berlində qızğın döyüşlərdə iştirak etdik. Almanlar qaçırdılar. Toz kimi yoxa çıxırdılar. Biz də onların ardınca gedirdik. O illəri yaxşı xatırlayıram.
Döyüş 1945-ci ildə almanların ağ bayraq qaldırması ilə bitdi. Təslim oldular.
Mənim 18 yaşım var idi. Qışın soyuq günləri idi. Müharibə bitəndən sonra bizi geri qaytardılar. Daha sonra yenə Tiflisə gətirdilər. Bizi seçdilər. Azərbaycanlıları Bakıya, erməniləri Ermənistana, gürcülər də Tiflisə göndərdilər. Bizi Bakıda artilleriya məktəbinə gətirdilər. Orada təhsil aldıq. 6 il orada qulluq etdim.
Topçu olmuşam. Artilleriyada olmuşam. Aclıq görmürdüm. Çörək, su, silah və patron çatmırdı. Çox çətin günlər idi. Lakin hər zamanı xoş xatırlayıram.
– Müharibə dövründə yaşadıqlarınız yəqin ki, hər zaman xatirələrinizdədir.
– İndiyə qədər xatirəmdə yaşayır. Bir qədər yaddaşım zəifləyib. Amma o günləri unutmaram. Bu gün kimi yaşayıram.
– Ailəniz müharibəyə getməyinizi necə qarşıladı?
– Anam özü yola saldı. Atam da İkinci Dünya müharibəsində idi. Yaralanmışdı. Ailəm müharibəyə yollanmağıma qarşı çıxmadı. Yaşım az olsa da, qarşı çıxan olmadı. Atam müharibədən yaralı halda qayıtdı, mən getdim. Onu görüb, daha da qürurlandım. Başından, belindən və ayağından xəsarət almışdı. Ailədə 8 uşaq idik. 4 bacı, 4 qardaş idik.
– Kəndinizdən neçə nəfər müharibəyə yollandı?
– Bizim kənddən eyni vaxtda müharibəyə beş nəfər gedib. Bir kənddən olsaq da, müharibədə bir-birimizdən ayrı düşmüşdük. Onlardan yeganə mən qalmışam. Kəndin ən yaşlı sakiniyəm.
– 32 il polis işlədiyinizi dediniz.
– 1956-cı ildə Kalininqrada oxumağa göndərdilər. “Leytenant” rütbəsi aldım. Qobustanda da 10 il polis işləmişəm. Göyçəyə atama görə qayıtdım. Göyçə mahalında 22 il polis işlədim. “Kapitan” rütbəsinə qədər yüksəldim. 6 il hərbidə, 32 il polis vəzifəsində çalışdım. 1976-cı ildə pensiyaya çıxdım. Həmişə formada olmuşam.
– Stalinin sizə medal verdiyini dedilər.
– Stalin medal verib. Ən birinci medal odur. Yubileydə də hər il medal verirlər. İki “Böyük Vətən Müharibəsi” ordenim var. Çox danışa da bilmirəm. Dilim söz tutmur. Pandemiya məni belə etdi. Normal yeriyə bilmirəm.
– Baba neçənci ildə ailə həyatı qurmusunuz?
– 1952-ci ildə ailə həyatı qurdum. 6 övladım var. 2 qız, 4 oğlan. Ümumilikdə 12 nəvə, 13 nəticə və 1 kötükcəm var.
– Göyçə üçün darıxdığınız gözlərinizdən bəllidir.
– 1988-ci ildə Bakıya köçdüm. Ermənilər bizi öz doğma ata-baba yurdumuzdan çıxartdılar. Ermənilər əvvəl yox idilər. Sonradan gəliblər.
Torpaq həsrəti çox təsir edir. Torpaq insanı çəkir. Göyçəyə getmək arzum var. Göyçə üçün çox darıxıram. Qardaşım və atamın qəbri oradadır. Məzarlarını ziyarət edə bilmədik. Darıxıram. Kənd, vətən, anadan olduğu yer ola, ora üçün darıxmayasan? Allah ermənilərin evin yıxsın.
– Ən böyük qələbə sevincinizi İkinci Qarabağ müharibəsində yaşadığınızı dediniz.
– Ən böyük qələbə sevincimi İkinci Qarabağ müharibəsində yaşadım. İki müharibə gördüm. Elə sevindim ki, dedim şükür Allaha, bizimkilər irəlilədirlər. Prezident hər kəndi azad etdiyimizi deyəndə çox sevinirdim. Gənclərə can sağlığı arzu edirəm. İkinci Qarabağ müharibəsinə mən də getmək istəyirdim, qoymadılar. Müstəqil dövlətin vətəndaşı olmaq böyük xoşbəxtlikdir.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid