Nüfuz alverində ittiham olunan vəkilə HÖKM OXUNDU
Vəkil Babək Rzayevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Şəhər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Babək Rzayev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Bakı şəhərində yerləşən “Kamandar Nəsibov və partnyorları” vəkil bürosunun vəkili Babək Vahid oğlu Rzayev barəsində Naxçıvan Muxtar Respublikası Prokurorluğunda toplanmış materiallar əsasında cinayət işi başlanıb.
Babək Rzayevin muxtar respublikada müvafiq məhkəmənin icraatında olan cinayət işi üzrə özünün həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək müvafiq vəzifəli şəxsin qərarına təsir etmək imkanına malik olmasını vətəndaşlara bildirməklə 2024-cü ilin iyun ayı ərzində müxtəlif məbləğlərdə müqavilədən kənar pul vəsaitini tələb edib alması sübut olunub.
İş üzrə toplanmış sübutlar əsasında Babək Rzayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan olunub.