Ukrayna kəşfiyyatı Rusiyadan nüvə silahı daşıya bilən təyyarəni qaçırmağa cəhd etdi
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna kəşfiyyatının ölkənin hərbi hava qüvvələrinə məxsus “Tu-22M3” strateji bombardmançı təyyarəsini qaçırmaq cəhdinin qarşısını alıb.
Məlumatı FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi yayıb.
“Rusiya FTX Ukrayna xüsusi xidmət orqanlarının Rusiya HHQ-nin “Tu-22M3″ uzaq mənzilli strateji bombardmançısını xaricə qaçırmaq üçün növbəti əməliyyat cəhdinin qarşısını alıb”, – deyə xəbərdə bildirilib.
Bildirilir ki, Ukrayna kəşfiyyatı rusiyalı hərbi pilotu 3 milyon ABŞ dolları məbləğində pul mükafatı və İtaliya vətəndaşlığı təklif edərək əməkdaşlığa cəlb etməklə raket daşıyıcısını Ukraynaya uçurmağa və yerə endirmək planı qurub.
O da vurğulanır ki, əməliyyatın hazırlanması və həyata keçirilməsində NATO ölkələrinin xüsusi xidmət orqanlarının iştirakı aşkar edilib.
Qeyd edək ki, “Tu-22M3” – idarə olunan raketlər və aviabombalarla dəniz, həmçinin yerüstü hədəfləri vurmaq üçün nəzərdə tutulub, nüvə, adi bomba, raketlərin daşıyıcısıdır.
Mənbə: TASS