Maltadakı konsert Serdar Ortaç kimi, Keremcan Durmaza da baha başa gəldi: Həbsinə qərar verildi
Yüksək izləyici sayına sahib sosial media fenomenlərindən biri olan türkiyəli bloqer Kerimcan Durmaz dünən saxlanıldıqdan sonra bu gün məhkəməyə çıxarılıb və həbs olunub.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə “Haber Global” xəbər yayıb.
Bildirilir ki, məşhur müğənni Serdar Ortaç, tanınmış aparıcı Mehmet Ali Erbil və digər sosial media məşhurları kimi, bloqer də “futbol və digər idman yarışlarında mərc və şans oyunlarının təşkili” haqqında qanunu pozmaqda ittiham edilir. Belə ki, Maltada konsert zamanı onun arxasındakı LED ekranda qanunsuz mərc saytının reklamı yerləşdirilib.
Durmaz bununla bağlı məhkəməyə verdiyi ifadəsində 10 min avro qarşılığında DJ-lik etdiyini və sözügedən reklamdan xəbəri olmadığını deyib.
“Səhnəyə çıxanda arxamda Kerimcan Durmaz loqosu var idi. Bu mənim tələbim idi. Amma sonra mən çıxış edərkən arxamdakı LED-də mərc reklamı verilib, bunu konsert bitdikdən sonra sosial mediada etiketlənmiş olduğum videodan gördüm”, – deyə o bildirib.
Durmaz konsert üçün aldığı 10 min avro ödənişin fakturasını təqdim edə biləcəyini də qeyd edib.
İstanbul Baş Prokurorluğundan araşdırma ilə bağlı açıqlama verilib və bildirilib ki, bu cür əməllər iqtisadiyyata zərər verir, həmçinin gənclər arasında asan pul qazanmağı təşviq edir.
Xatırladaq ki, 2024-cü ilin noyabrında məşhur musiqiçi Serdar Ortaç və aparıcı Mehmet Ali Erbil də oxşar araşdırma çərçivəsində saxlanılmışdılar. Mehmet Ali Erbilə həftədə bir dəfə məhkəmə nəzarəti qaydasında imza atma vəzifəsi müəyyən edilib. Prokuror Serdar Ortaç üçün üç ilə qədər həbs cəzası tələb edib. Ortaçın vəkilləri prokurorun rəyinə qarşı müdafiə üçün əlavə vaxt istəyiblər. Növbəti iclas 2025-ci il fevralın 25-nə təyin olunub.