Antalyada eşşəklər evləndirildi: Toyda nikah məmuru da iştirak etdi – FOTO/VİDEO
Antalyada eşşəklər evləndirildi: Toyda nikah məmuru da iştirak etdi – FOTO/VİDEO
Türkiyənin Antalya şəhərində maraqlı hadisə yaşanıb.
Şəhərin Kumluca rayonunun Ortaköy məhəlləsində 2030-cu ildə nəsli kəsilmək təhlükəsi altında olan eşşəklərə diqqət çəkmək üçün simvolik toy mərasimi keçirilib.
Toydan əvvəl eşşəklər bəzədilib və qızıl, nal, muncuq kimi zinət əşyaları taxılıb. Toyda simvolik nikah məmuru, şahidlər və kənd camaatı iştirak ediblər.
Kənd muxtarı Halime Kaya eşşəklərə qızıl taxıb, kənd camaatı isə kahı, xiyar, kök, göyərti kimi yeməklər veriblər. Daha sonra yeni evlənən eşşək cütlüyü traktora mindirilərək “bal ayı”na yola salınıb. “Gəlini” götürərkən traktorun qarşısına çıxaraq yolu kəsən vətəndaşa da zərfdə pul təqdim olunub.
“Bu gün simvolik olaraq bu heyvanların toyunu edirik. Bu heyvanların nəsli kəsilməsin. 2030-cu ildə eşşəklərimizi yenidən həyatımızda görmək istəyiriksə, onları yaşadaq. Gəlin, onları sevək”, – deyə Halime Kaya bildirib.
“İndiki vaxtlarda eşşəklərin sayı azalıb. Eşşəyin nəsli kəsilməməlidir. Təzə uşaqlarımız eşşəyə başqa gözlə baxırlar. Elə uşaqlarımız var ki, heç eşşək görməyiblər”, – deyə sakinlərdən biri qeyd edib.
“Uşaq vaxtı eşşəklərlə yük çəkirdik. Eşşəklərə sədaqət borcumuz var. Toy etdik, eşşəkləri evləndirdik”, – deyə digər kənd sakini əlavə edib.
Mənbə: İHA