Polşanın yeni Prezidenti Navrotski and içərək vəzifəsinin icrasına başladı
Karol Navrotski and içərək rəsmi şəkildə Polşa Prezidenti vəzifəsinin icrasına başlayıb.
Bu barədə Aztime.az “RIA Novosti”yə istinadən xəbər verir.
Məlumata görə, inaqurasiya mərasimi avqustun 6-da parlamentin binasında baş tutub və Polşanın aparıcı telekanalları tərəfindən yayımlanıb. Dövlət başçısının səlahiyyət müddəti beş il olacaq.
Navrotskinin andını Seymin spikeri Şimon Holovnya qəbul edib. Yeni prezident öz müraciətində xalqın ləyaqətinin, müstəqilliyinin və dövlətin təhlükəsizliyinin keşiyində durmağa hazır olduğunu bəyan edib, vətənin mənafeyinin və vətəndaşların rifahının onun üçün ən əhəmiyyətli məsələlərdən olacağını vurğulayıb. Təntənəli mərasimdə deputatlar, senatorlar, hökumət üzvləri, diplomatik korpusun nümayəndələri, din xadimləri və hərbçilər iştirak ediblər.
Mərasimi “iyrənc şou” adlandıran və gəlməkdən imtina edən Lex Valensa istisna olmaqla, tədbirə, həmçinin ölkənin keçmiş prezidentləri də qatılıblar.
Xatırladaq ki, iyunun 1-də keçirilən seçkinin ikinci turunda müxalifət tərəfindən namizədliyi irəli sürülmüş Navrotski 50.89% səslə hakim koalisiyanın namizədi Rafal Tşaskovskini (49.11%) qabaqlayıb. Navrotskinin yaxın gələcəkdə ölkə üzrə səfərlər həyata keçirməyə başlaması, həmçinin Mərkəzi Nəqliyyat Qovşağının tikintisi və vergidən azad edilən minimum gəlirin 60 min zlotıya (təxminən 16 min ABŞ dolları) qədər artırılması da daxil olmaqla, bir sıra qanun layihələrinin təşəbbüskarı olacağı gözlənilir.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.