COP29-la bağlı iki xəstəxana ayrılıb
COP29-la bağlı iki xəstəxana ayrılıb
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar tədbirlər planının icrası məqsədi ilə TƏBİB-də İşçi Qrupu yaradılıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, COP29-un keçiriləcəyi məkanda tədbirin ilk günü TƏBİB tərəfindən yaradılan 4 tibb məntəqəsi, 4 təcili tibbi yardım briqadası fəaliyyət göstərəcək:
“Ümumilikdə tədbirin keçiriləcəyi müddətdə 30 təcili tibbi yardım briqadasının xidmət göstərməsi planlaşdırılır. Tədbirin keçiriləcəyi müddətdə mindən çox qonaq sayının məskunlaşdığı ərazilərdə 24 saat tibb məntəqəsi və tibbi yardım briqadaları fəaliyyət göstərəcək.
Stasionar tibbi xidmət zərurəti yarandığı hallar üzrə Mərkəzi Neftçilər Xəstəxanası və “Yeni Klinika” ixtisaslı tibbi xidmətin göstərilməsi üçün ayrılıb. Mərkəzi Neftçilər Xəstəxanasında ümumilikdə 60 çarpayı olmaqla, 10 çarpayılıq Yanıq Mərkəzi də yaradılacaq. “Yeni Klinika”da isə stasionar xidmət üçün 550 çarpayı nəzərdə tutulub. Bundan başqa, infeksion xəstəliklər və ya fövqəladə hal ehtimalı nəzərə alınaraq Məmmədli, Bilgəh və Kliniki Tibbi Mərkəzin nəzdindəki modul tipli xəstəxanaların da fəaliyyəti xidməti zərurət üçün uyğunlaşdırılıb”.