Əməkdar artist Kübra Əliyevanın doğum günüdür
Əməkdar artist Kübra Əliyevanın doğum günüdür
Bu gün Əməkdar artist Kübra Əliyevanın doğum günüdür.
Oxu.Az xatırladır ki, Kübra (Kübrabəyim) Ağa qızı Əliyeva 1950-ci il yanvarın 5-də Gəncə şəhərində anadan olub.
1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. Sumqayıt Dövlət Dram Teatrında yaratdığı Rasimə (“Anam gəldi”, Ş.Xusainov), Gülbadam (“Elbrus evlənir”, G.Xuqayev), Gülnisə (“Solğun çiçəklər”, C.Cabbarlı), Adilə (“Ana məhəbbəti”, Y.Məmmədov), Pəri xala (“Sən nə üçün yaşayırsan”, İ.Qasımov və H.Seyidbəyli) obrazları ilə məşhurlaşıb.
Kübra Əliyeva Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində çalışarkən Gövhər xala (“Gözün aydın”, M.Əlizadə), Balı (“Qızıl toy”, R.Heydər), Gülbadam (“Sevgilimin anası”, G.Xuqayev), Sənəm (“O olmasın, bu olsun”, Ü.Hacıbəyli), Balaxanım (“Sonqulunun sərgüzəştləri”, R.Əhmədzadə) və s. obrazlarını yaradıb.
Kübra Əliyeva 1991-ci ildən Akademik Milli Dram Teatrında çalışıb. Teatrın səhnəsində Ponsiya (“Dişi canavar”, F.Lorka), Nazilə (“Dəlilər və ağıllılar”, İ.Əfəndiyev), Hayqanuş (“Hökmdar və qızı”, İ.Əfəndiyev), Qaraqoyunlu ana (“Ağqoyunlular və Qaraqoyunlular”, Ə.Əmirli), Firəngiz (“Ah, Paris-Paris!..”, Elçin), Ana (“Eloğlu”, A.Şaiq) rollarını canlandırıb.
Aktrisa “Evləri köndələn yar” (Bazarkomun arvadı), “Analar” (Zərbuta), “İtkin gəlin” (Xədicə), “Sabiqlər” (Nazirin arvadı), “Sonuncu məhəbbət” (Ümbülnisə) teletamaşalarında iştirak edib.
Kübra Əliyeva “Axırıncı aşırım” (tammetrajlı bədii film, 1971), “Şəbih” (film, 1971), “Evləri köndələn yar” (film, 1982), “Sonuncu məhəbbət” (film, 1985), “Bu da bir naxışdır” (film, 1987), “Gülüş sanatoriyası” (film, 1989), “Şahid qız” (film, 1990), “Şirbalanın məhəbbəti” (film, 1991), “İtkin gəlin” (film, 1994), “Mənim ağ şəhərim” (film, 1994), “Canavar balası” (film, 1997), “Sabiqlər” (film, 1999), “Sabiqlərin yeni sərgüzəştləri” (film, 2000), “Güllələnmə təxirə salınır!..” (film, 2003), “Məhəllə” (film, 2003), “Məhəllə-2 Moskvada” (film, 2004), “Tam məxfi” (film, 2004), “Məşədi İbad-94” (film, 2005), “Evləri göydələn yar” (film, 2010) kimi filmlərdə özünəməxsus rolları ilə sevilib.
Kübra Əliyeva 2000-ci ildə Respublikanın “Əməkdar artisti” fəxri adına layiq görülüb. 2006-cı ildən Prezident təqaüdçüsüdür.