Ucqar rayonlarda istilik verilməsində problem var?
“Noyabrın 1-dən etibarən respublikanın dağlıq ərazilərinə istilik verilişinə başlanılıb”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat katibi Elvin Basqallı məlumat verib.
O bildirib ki, ölkə üzrə 14 dağ rayonundan Cəmiyyətin qazanxanalarının mövcud olduğu doqquzunda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı) payız-qış mövsümü ərzində 39 qazanxana və 1 istilik məntəqəsi vasitəsilə istiliklə təchiz olunacaq və mövsüm növbəti ilin may ayının 1-nə qədər davam edəcək:
“Dağ rayonlarında 34 yaşayış binasının, 16 orta məktəb, 3 uşaq bağçasının, 2 səhiyyə müəssisəsinin, 18 sosial və təsərrüfathesablı obyektin istiliklə təmin edilməsi nəzərdə tutulub”.
O həmçinin vurğulayıb ki, sözügedən ərazilərdə istilik ilə təchiz olunma zamanı hər hansı problem yaşanmayıb.
E.Basqallı məlumat üçün qeyd edib ki, Bakı şəhərində və digər rayonlarda isə payız-qış mövsümü cari ilin noyabr ayının 15-dən başlayır və növbəti ilin aprel ayının 15-nə qədər davam etməkdədir.
“Cari mövsümdə “Azəristiliktəchizat” ASC tərəfindən Bakı şəhəri və respublikanın regionlarında balansında olan 553 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3 278 yaşayış binasının, 184 500 minə yaxın mənzilin, 286 orta məktəbin, 158 uşaq bağçasının, 150 səhiyyə müəssisəsinin, 2600-a yaxın sosial və təsərrüfathesablı obyektin istiliklə təmin edilməsi prioritetdir. 2024-2025-ci illər payız-qış mövsümünə hazırlıq işləri davam etdirilməkdədir və mövsümə vaxtında başlanması, istehlakçıların dayanıqlı və keyfiyyətli istilik enerjisi ilə təchiz edilməsi üçün nəzərdə tutulan bütün tədbirlərin vaxtında icra edilməsi təmin ediləcək”.
Aygün Mirakif