“YouTube”da nasazlıq: Kanallar və abunəliklər xəbərdarlıq olmadan yoxa çıxır
“YouTube”da ciddi nasazlıq yaranıb. Belə ki, bəzi istifadəçilər kanalların silinməsi, həmçinin ödənişli abunəliklərə girişin itirilməsi ilə üzləşiblər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə “Google” şirkətinin nümayəndəsi bildirib.
O bunu şirkətin səhvi adlandırıb və vəziyyətin düzələcəyinə əmin edib.
“Kanalların spam və aldatma təcrübələri səbəbindən səhvən silindiyinə dair məlumatlar alırıq. Komandalarımız kanalların bərpası üzərində fəal işləyirlər”, – deyə “Google”un nümayəndəsi qeyd edib.
Onun sözlərinə görə, “YouTube TV”, “YouTube Premium” və “YouTube Music”ə ödənişli abunəliklərə giriş də itib.
“Bu səhvimizə görə çox təəssüf edirik və hər şey həll olunduqda xəbər verəcəyik”, – deyə nümayəndə vurğulayıb.
“Google”un nümayəndəsi dəqiqləşdirib ki, kanalın bərpası ilə bəzi materiallar, məsələn, seçilmiş videoların siyahısı (playlist) yoxa çıxa bilər, lakin bu, emal gecikmələri ilə bağlıdır və tezliklə onlar da bərpa olunacaq.