Azərbaycandan Avropaya tramplin, yoxsa Qurbanov üçün əlavə yük: Juninyo niyə getməli idi?
Anar Həsənov yazır…
Juninyo kimi tanıdığımız Olavio Vieyra dos Santos Junior peşəkar futbolçu karyerasına 2014-cü ildə, yetirməsi olduğu Braziliyanın “Atletiko Paranaense” klubunda başlayır. 1 fevral 2015-ci ildə baş tutmuş “Kaskavel” – “Atletiko Paranaense” oyununda əvəzetmədən meydana çıxaraq debüt edir. Ancaq sonradan “Atletiko Paranaense” klubunda əsas heyətə düşə bilməyən gənc futbolçu 2015-ci ildə Braziliya C Seriyasında mübarizə aparan “Quaraçengeta” klubuna icarəyə verilir.
2016-cı ildə Juninyo icarədən qayıtdıqdan sonra təkrar icarəyə göndərilir. Futbolçunun yeni klubu Portuqaliyanın Sequnda Liqasında yarışan “Porçimonense” olur. O, futbolçunun karyerasında ilk Avropa klubu olur.
2016-cı ildə futbolçu “Atletiko Paranaense”yə qayıdır. Klub ilə Braziliya A Seriyasında yeddi oyunda meydana çıxır, ancaq fərqlənə bilmir. 2017-ci ildə “Brazil De Pelotas” klubuna icarəyə verilir. Burada müxtəlif turnirlərdə meydana çıxdığı 28 oyunda cəmi iki qol vurur.
Juninyo sonralar Braziliyada “Novurizontino”, “Figeyrense”, “Vila Nova” komandalarına icarəyə verilir, ancaq onların heç birində möhkəmlənə bilmir. 2019-cu ildə futbolçu ikinci dəfə Avropadan dəvət alır. Portuqaliya Sequnda Liqasında yarışan “Eştoril” klubu futbolçunu birillik icarəyə götürür. Burada meydana çıxdığı 26 oyunda altı qol vurur. Mövsüm sonunda icarə müddəti başa çatdıqdan sonra “Atletiko Paranaense” klubuna qayıdır. 19 oktyabr 2020-ci ildə Portuqaliyanın “Şaviş” klubuna transfer edilir və klubla dördillik müqavilə imzalayır. Burada üç il çıxış edən Juninyo bütün turnirlərdə meydana çıxdığı 79 oyunda 13 qol vurur.
24 iyun 2023-cü ildə Portuqaliyanın “O Jogo” nəşrində futbolçunun “Qarabağ”a transfer olunması ilə bağlı məlumat yayılır. 25 iyun 2023-cü ildə futbolçunun “Qarabağ”a transfer olunduğu rəsmən elan edilir. “Köhlən atlar” bu transfer üçün qarşı tərəfə 450 min avro təzminat ödəyirlər. Əvvəlki klublarında, əsasən, sağ cinah vingeri kimi oynayan Juninyo “Qarabağ”da mərkəz hücumçusu kimi çıxış etməyə başlayır.
Olavionun “Qarabağ”ın heyətində debütü Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ” – “Rakuv” görüşünə təsadüf edir. 2 avqust 2023-cü ildə Bakıda keçirilmiş oyunun 70-ci dəqiqəsində Yassin Benzianın əvəzinə meydana çıxaraq “Qarabağ” forması ilə ilk rəsmi oyununda iştirak edir. Futbolçunun “Qarabağ”ın heyətində ölkə çempionatında debütü isə 2023/24 mövsümünün ilk turunda, “Zirə” klubu ilə görüşdə baş tutur. Oyunun 61-ci dəqiqəsində Redon Cicanı əvəzləyərək meydana daxil olur. 10 avqust 2023-cü ildə, UEFA Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyun günündə baş tutmuş “Qarabağ” – HIK görüşünün 85-ci dəqiqəsində fərqlənərək komandada ilk qolunu vurur. Juninyonun “Qarabağ”la ölkə çempionatında ilk qolu isə Azərbaycan Premyer Liqasının 2023/24 mövsümünün II turunda baş tutmuş “Qarabağ” – “Turan” qarşılaşmasında 30-cu dəqiqədə qeydə alınır.
Həmin mövsüm “Qarabağ” forması ilə 55 oyunda meydana çıxan Olavio mövsümü 31 məhsuldar ötürmə və 11 qolla başa vurur. Braziliyalı futbolçu UEFA Avropa Liqasının qrup mərhələsində “Bayer Leverkuzen”lə oyunda rəqibə vurduğu qollarla azərbaycanlı futbolsevərlərin sevgisini qazanır. Daha sonra “Braqa” və yenidən “Bayer Leverkuzen”i cəzalandıran Olavio Avropa klublarının gündəminə düşür. Türkiyə, İspaniya və Almaniya liqalarında çıxış edən nəhənglər “Qarabağ”ın hücumçusu ilə maraqlanmağa başlasalar da, futbolçu Azərbaycanda qalmağı üstün tutur.
Təxminən ilyarım Azərbaycanda oynayan Juninyo indi çamadanlarını yığır – İspaniyanın “Sevilya” klubu onun transferini tamamlayıb.
Görünən odur ki, Azərbaycan klubu braziliyalını ölkəsindəki klublardan daha yaxşı yetişdirə bildi. 450 min avroya aldığı oyunçunun qiyməti dörd milyon avroya qalxdı. Hətta qeyd edim ki, Braziliyanın “Flamenqo” klubu ona beş milyon avroluq təklif göndərib, ancaq Avropa sevdası Juninyonu yox deməyə məcbur edib.
Karyerasını İspaniya La Liqasında davam etdirmək istəyən Olavionun bu qərarı Azərbaycan futbolunda və azarkeşlər arasında fikir ayrılıqlarının yaranmasına səbəb olub. Bəziləri Juninyonun “Qarabağ”da qalmasını istəsələr də, digərləri ölkə çempionatının inkişafı üçün “Sevilya”ya keçidin ən doğru addım olduğunu bildirirlər.
Əlbəttə, Juninyo “Sevilya”ya getsə, Azərbaycan Premyer Liqasının keyfiyyəti və dəyəri artacaq, bu, şübhəsizdir. Amma hələ də UEFA Avropa Liqasının Liqa mərhələsində mübarizəsini davam etdirən “Qarabağ” üçün vəziyyət ürəkaçan olmayacaq. Çünki aktivində üç xalı olan “köhlən atlar”ın pley-offa vəsiqə qazanmaq şansı az da olsa var. İndiki vəziyyətdə braziliyalının gedişi təmsilçimiz üçün ağır itki ola bilər.
Lakin onu da qəbullanmaq lazımdır ki, böyümək üçün bəzən “itirmək” də şərtdir. Kadi Borgesin ayrılığı azarkeşlər tərəfindən birmənalı qarşılanmasa da, daha sonra “Qarabağ”ın qət etdiyi yol atılan addımın doğruluğunu göstərdi. Bu mövsüm avrokuboklarda yetəri qədər uğursuzluqlar yaşayan komandamız hazırda, sadəcə, Azərbaycan Premyer Liqasına köklənərək növbəti mövsümə düzgün transferlər edib, yenidən toparlana bilər.
Hazırda Toral Bayramov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Redon Cica, Yassin Benzia kimi futbolçuların da “elçi”lərinin olduğu bəllidir. Lakin onlara gələn təkliflər nə “Qarabağ” rəsmilərini, nə də baş məşqçi Qurban Qurbanovu maraqlandırır. Ancaq Juninyonun məhz Avropaya gedişi bir növ tramplin rolunu oynaya bilər. Çünki indiyədək “Qarabağ”ı tərk edən sanballı futbolçular çox olsa da, onların heç biri köhnə qitəsinin köklü klublarının maraq dairəsində olmamışdı.
Odur ki, “Sevilya” kimi klubun təklifini geri çevirmək doğru sayılmazdı, xüsusən də futbolçu “getmək istəyirəm” deyirsə. Belə olan halda ən doğru addım Juninyonun gedişinə imkan vermək idi. “Qarabağ” da doğru bildiyi addımı atdı.
Qurban Qurbanova qalan isə bundan sonra da yenidən Juninyolar yetişdirmək və “Qarabağ”ı avrokuboklarda daha yaxşı uğurlara kökləmək olacaq.