İsrail HƏMAS-ın Beyrutdakı qərargahına altı raket atıb
İsrail Fələstinin HƏMAS hərəkatının Beyrutdakı qərargahına hücum zamanı pilotsuz uçuş aparatlarından deyil, hərbi hava qüvvələrinin qırıcılarından istifadə edib.
Bu barədə Livanın təhlükəsizlik xidmətindəki mənbə hakimiyyət orqanları tərəfindən aparılan ilkin araşdırmanın nəticələrinə əsasən məlumat verib.
“Yanvarın 3-də paytaxtın cənub istiqamətində yerləşən və Fələstin rəhbərliyinin iclasının keçirildiyi Müşərrəfiyyə məhəlləsindəki binaya 6 raket atılıb, onlardan ikisi partlamayıb. Hər raketin çəkisi təxminən 100 kiloqram olub”, – deyə mənbə qeyd edib.
Mənbənin sözlərinə görə, zərbənin dəqiqliyini və raketlərin çəkisini təhlil edən ekspertlər belə qənaətə gəliblər ki, zərbələr pilotsuz uçuş aparatları deyil, hərbi təyyarələr tərəfindən endirilib.
“Fələstinin HƏMAS hərəkatının siyasi büro rəhbərinin müavini Saleh əl-Aruri qərargaha gəldiyi zaman qırıcılardan biri tərəfindən atılan raketlər binanın damını deşib”, – deyə mənbə bildirib. Onun sözlərinə görə, Əl-Aruri ilə birlikdə HƏMAS-ın hərbi qanadı olan “İzzəddin əl-Qəssam briqadaları”nın və sünni radikal “əl-Cəma əl-İslamiyyə” təşkilatının komandirləri də daxil olmaqla 6 nəfər həlak olub, daha 11 nəfər yaralanıb.
Qeyd edək ki, bundan əvvəl livanlı analitik Nidal Sabi əl-Arurinin HƏMAS-ın İsrailə qarşı bütün təxribat fəaliyyətinin hərbi və maliyyə təşkilatçısı olduğunu bildirib. “O, 2010-cu ildə İsrail həbsxanasından çıxdıqdan və Suriyaya deportasiya edildikdən sonra Tehranla sıx əlaqədə olub”, – deyə ekspert xatırladıb.
2017-ci ildə əl-Aruri HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin müavini seçilib və radikal hərəkatda ikinci olub.
Mənbə: TASS