İran İsrailə niyə hücum etmədi?
“HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsindən bir aydan çox keçməsinə baxmayaraq, başda Əli Xamenei olmaqla İran siyasi-hərbi rəhbərliyinin İsraildən ağır intiqam alınacağı barədə hadisədən dərhal sonra verdiyi bəyanatlar söz olaraq qalıb”.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə “Azad İran” “YouTube” kanalında yayımlanan yeni videotəhlildə qeyd olunub.
Bildirilir ki, Haniyənin öldürülməsindən sonrakı ongünlükdə müxtəlif ölkələrin rəsmi şəxslərinin, ayrı-ayrı ekspertlərin və media qurumlarının İran və müttəfiqlərinin gah 72, gah 48, gah da 24 saat ərzində İsrailə hücum edəcəyi barədə həyəcanlı proqnozları təsdiqini tapmayıb.
“Bununla belə, ötən həftə Pentaqonun mətbuat katibi general Patrik Rayder jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, onların təhlilinə görə, İran və müttəfiqlərinin İsrailə hücum etməsi təhlükəsi hələ də qalmaqdadır.
Təqribən eyni vaxtda yüksəkrütbəli iki İran rəsmisi də bu mövzuda növbəti açıqlamalar verib. Belə ki, İranın yeni Xarici İşlər naziri Abbas Əraqçı italiyalı həmkarı ilə telefon söhbətində deyib: “İran İslam Respublikasının sionist rejimin Tehrandakı terror əməlinə cavabı labüd, dəqiq və hesablanmış olacaq”.
Əraqçı əlavə edib ki, İsraildən fərqli olaraq, İran gərginliyin genişlənməsini istəmir, amma bundan qorxusu da yoxdur. Daha sonra İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Baqeri İranın və “Müqavimət oxu”nun İsmayıl Haniyənin intiqamını alacağının qəti olduğunu bildirərək söyləyib:
“İran İslam Respublikası intiqamla bağlı qərarı özü qəbul edəcək, “Müqavimət oxu” da ayrıca və müstəqil surətdə hərəkət edəcək”.
Bu cür ümumi xarakterli bəyanatlara baxmayaraq, İranın İsrailə vəd olunan cavabının indiyə qədər təxirə düşməsi ölkə mediasında müzakirə obyektinə çevrilib və bu yubanmanın səbəbləri barədə müxtəlif fikirlər irəli sürülüb”.
Ətraflı süjetdə:
İran İsrailə niyə hücum etmədi?