Vladimir Orliç: “İlham Əliyevin Azərbaycanın inkişafına töhfəsi dünya miqyasında təqdirəlayiqdir” – FOTO
Vladimir Orliç: “İlham Əliyevin Azərbaycanın inkişafına töhfəsi dünya miqyasında təqdirəlayiqdir” – FOTO
“Prezident İlham Əliyevin Azərbaycanın inkişafına müstəsna töhfəsi dünya miqyasında təqdirəlayiqdir”.
Bu barədə “Trend”ə Serbiya Respublikası Milli Assambleyasının sədri Vladimir Orliç deyib.
“Güclü və müdrik siyasi rəhbərlik olmadan mühüm nəticələr mümkün olmazdı və bu, Prezident İlham Əliyevin xidmətidir. Azərbaycanın son illər ərzindəki nailiyyətləri dünya ictimaiyyətinin səmimi heyranlığına layiqdir”, – o deyib.
Orliç bildirib ki, son 20 il ərzində Serbiya və Azərbaycan arasında möhkəm dostluq əlaqələri inkişaf edib və strateji tərəfdaşlıq qurulub. Tərəflər bir-biri ilə hərtərəfli əməkdaşlığı da fəal inkişaf etdirirlər.
“Bu gün ölkələrimiz arasındakı münasibətlər öncə möhkəm dostluq və liderlərimiz Prezident Aleksandar Vuçiç və Prezident İlham Əliyevin qarşılıqlı hörmət və dəstəyi əsasında qurulur. Hər iki ölkənin hökumət, parlament və vətəndaşları sıx əlaqə saxlayırlar. Serbiya və Azərbaycan arasında səmimi-qəlbdən qürur duyduğumuz münasibətlər gələcəkdə də möhkəmlənməkdə davam edəcək”, – deyə Orliç qeyd edib.
O, həmçinin, Azərbaycanın Serbiyanın ərazi bütövlüyü və suverenliyinə dəstək nümayiş etdirdiyini və Belqradın buna görə minnətdar olduğunu bildirib.
“Dövlət suverenliyinin və ərazi bütövlüyünün qorunması dünyanın bütün ölkələri üçün son dərəcə vacib olan müqəddəs hüquqdur və BMT Nizamnaməsi ilə hər bir dövlət üçün təmin edilir. Serbiyanın bu məsələ ilə bağlı mövqeyi belədir və biz bütün dünya qarşısında bunu açıq şəkildə deyirik. Ölkələrimiz anlayır ki, təəssüf ki, dünyada heç də hamı bu məsələ ilə bağlı bu cür prinsipial mövqeyə malik deyil. Məhz bu səbəbdən Serbiya və Azərbaycan beynəlxalq hüququn prinsiplərinə riayət uğrunda mübarizədə səylərini birləşdirməlidirlər. Dövlətin öz ərazi bütövlüyünün bərpası üçün hərbi-siyasi strategiyadan istifadə etmək hüququ danılmazdır. Azərbaycan tərəfindən Serbiyanın suverenliyinin dəstəklənməsi xalqlar arasındakı səmimi dostluğun böyük sübutudur. Azərbaycan daim Serbiya tərəfindən analoji dəstəyə bel bağlaya bilər. Serbiya özü üçün arzuladığı sülh, sabitlik, tərəqqi və inkişafı Azərbaycan üçün də arzu edir”, – Orliç deyib.
O, Azərbaycanda keçiriləcək prezident seçkisinin tarixi əhəmiyyət daşıdığını, müstəqilliyin bərpasından sonra seçkilərin ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcəyini qeyd edib.
“Ölkənin bütün vətəndaşlarının səsvermədə iştirak etməsi olduqca vacibdir, çünki ölkənin gələcəyi üçün həlledici əhəmiyyət daşıyır. İstər siyasət sahəsi, istərsə də infrastruktur və həyat keyfiyyətində müstəqil siyasət olmadan irəliləyiş əldə etmək mümkün deyil. Həm Azərbaycan, həm də Serbiya məhz bu cür siyasət yürüdən liderlərin qətiyyəti və uzaqgörənliyi sayəsində bu həqiqəti yaxşı dərk edirlər. Ölkələrimizin vətəndaşları işıqlı gələcəyin təmin olunması üçün seçkilərdə fəal rollarının nə dərəcədə vacib olduğunu dərk edir və öz səslərini onları bu işıqlı gələcəyə aparmaq iqtidarında olan ən yaxşı liderlərə verirlər”, – o vurğulayıb.