QDİƏT: “Azərbaycan xalqı öz qələbəsi ilə qürur duymalıdır”
“Azərbaycanda keçirilən seçki digər ölkələrdəki seçkilərə bənzəmir. Hər bir azərbaycanlı seçkidə yalnız öz istədiyi namizədə səs verirdi. Bunu bizim əldə etdiyimiz nəticələr də sübut edir. Ümumiyyətlə, Azərbaycan xalqı öz qələbəsi ilə qürur duymalıdır. Prezident İlham Əliyevin güclü siyasəti sizə bütöv bir Azərbaycanı qazandırdı. Bizim olduğumuz məntəqələrdə seçicilərin iştirakı 38 faizə qədər idi. Seçicilərin iştirak səviyyəsinin aşağı olması təkcə Azərbaycana xas məsələ deyil, bir çox ölkənin problemidir”.
Oxu.Az xəbər verir ki, bunu Gürcüstan Parlamentinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) vitse-prezidenti Ramaz Nikolaeşvili bugünkü mətbuat konfransında bildirib.
O bildirib ki, bir ölkədə insanların səsvermə hüququ təmin olunursa, deməli, seçki uğurlu keçirilib:
“Biz də deyə bilərik ki, seçki baş tutub. Hesab edirəm ki, parlamentin yeni tərkibi formalaşdırıldıqdan sonra bizim ölkələrimiz arasındakı əlaqələr daha da güclənəcək. Biz qanunverici orqanlarımız arasında əməkdaşlığa müsbət yanaşırıq. Azərbaycanın iqtisadi gücə malik olması bizim də marağımızdadır. Müşahidə missiyamız hər hansı qanun pozuntusu qeydə almayıb”.
Məhərrəm Əliyev